Zəhranın qətli ilə bağlı iz azdırılır – Prokurordan qəribə açıqlama

19:06 19-03-2019 915
 

Məlikan bölgəsinin İslami Şura Məclisindəki (İran parlamenti) millət vəkili Salman Xudadiyə yaxın bir xəbər agentliyi Məlikan prokuroru Mehdi Əlimuradiyə istinadən millət vəkilinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun qardaşı tərəfindən qətlə yetirildiyini, artıq qatilin saxlandığını bildirib.

Teleqraf.com xəbər verir ki, yayılan xəbərdə prokuror Zəhra Nəvidpurun dosyesi ilə bağlı yeni nəticələrin ortaya çıxdığını və əsas qatilin müəyyən olunduğunu deyib. Bundan əvvəl isə Z.Nəvidpurun intihar etdiyi açıqlanmışdı. “İlkin məlumata əsasən, qatil öldürülən şəxsin qardaşıdır. O namus məsələləri ilə əlaqədar bacısını qətlə yetirib”, – deyə prokuror bildirib. Prokuror bu barədə geniş məlumat verməyib. O bildirib ki, əlavə məlumat 2-3 gündən sonra keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Ancaq bu xəbər qısa müddət sonra saytdan silinib.

“Rokna” agentliyi də bu barədə xəbər yayıb. Ancaq növbəti xəbərdə yayılan məlumat təkzib edilib.

Güney Azərbaycan milli hərəkatına bağlı saytlar isə hesab edirlər ki, Z.Nəvidpur barədə bu cür xəbərlərin yayılması heç şübhəsiz, qətl hadisəsi ilə bağlı həqiqəti təhrif etmək üçün zəmin yaratmaqdan ibarətdir. Bundan əvvəl də bir neçə mətbuat orqanı cinsi təcavüzə məruz qaldıqdan sonra öldürülən Z.Nəvidpur haqqında müxtəlif şayiələr yaymağa cəhd göstərib, onu əxlaqsızlıqda günahlandırıblar.

Qeyd edək ki, ötən həftə Tehran Cəza Məhkəməsi Z.Nəvidpurun cinayət işi üzrə millət vəkili, İran parlamentinin İctimai Məsələlər Komissiyasının sədri Salman Xudadadi barədə qərarını açıqlayıb. Məhkəmə ona təcavüz ittihamı üzrə bəraət verib, lakin onu qeyri-məşru (şəriətə görə qanunsuz, icazəsiz) cinsi əlaqədə olmaqda günahlandıraraq, barəsində 2 il müddətinə vəzifəsindən uzaqlaşdırmağa, 2 il sürgünə və 99 şallaq zərbəsinə məhkum edib.

Məlikanın vaxtilə İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-ın üzvü olan millət vəkili və onun əlaltıları cinsi təcavüzə məruz qalan Z.Nəvidpuru dəfələrlə qətlə yetirməklə təhdid ediblər. Z.Nəvidpur qətlindən əvvəl bu barədə çoxlu sənədlər faş edib.

Qeyd edək ki, 28 yaşlı Z.Nəvidpurun cansız bədəni 2018-ci il yanvarın 6-da anasının evində tapılıb. Onun şübhəli ölümü Güney Azərbaycanda kütləvi etirazlara səbəb olub.