91-ci təqdimat: Ledi Qaqa da “Oskar” aldı

11:20 25-02-2019 670

ABŞ-ın Los-Anceles şəhərindəki “Dolbi” teatrında Oskar mükafatının 91-ci təqdimetmə mərasimi keçirilib.

Kult.az xəbər verir ki, rejissor Piter Farellinin “Yaşıl kitab” filmi “Ən yaxşı film” kateqoriyasında Oskar mükafatına layiq görülüb.

Bu mükafat uğrunda “Roma”, “Favorit qadın”, “Qara bəbir”, “Hakimiyyət”, “Qara klançı”, “Ulduz doğuldu” və “Bohemia rapsodiyası” filmləri də mübarizə aparırdı. Qeyd edək ki, bundan öncə də “Yaşıl kitab” ABŞ prodüserləri gildiyasının baş mükafatını qazanmışdı.

“Ən yaxşı aktyor” adını “Bohemia rapsodiyası” filmində rok-ulduz Freddi Merkurini canlandıran Rami Malik qazanıb.

“Ən yaxşı aktrisa” mükafatına isə “Favorit qadın” filmində baş rol oynayan Olivia Kolman layiq görülüb.

“Xarici dildə ən yaxşı film” 70-ci illərdə Meksikada yaşayan sadə ailənin həyatından bəhs edən “Roma” filmi seçilib.

“Ən yaxşı mahnı” nominasiyası üzrə “Oskar” Ledi Qaqaya təqdim edilib. Ledi Qaqa bunu “Ulduz doğuldu” filmində ifa etdiyi “Shallow” kompozisiyasına görə alıb.