Musa Yaqubdan xəbər: iki şairin görüşündən maraqlı - Foto

10:53 18-02-2019 705

Uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkən sevimli şair Musa Yaqubun səhhəti normaldır.

Kult.az xəbər verir ki, xalq şairi Sabir Rüstəmxanlı bu gün Musa Yaqubla görüşü barədə maraqlı foto paylaşıb.

Xalq şairi söhbətləri barədə bunları qeyd edib:

“Bu gün Yardımlıdan geri dönərkən qəfildən görkəmli şairimiz, əziz dostum Musa Yaqubdan zəng gəldi: “Hardasan?” “Yardımlıdan qayıdıram”, - dedim. “Mən də Bakıdayam. Görüşək”, - dedi.

Səsi saglam idi. Axşam evinə getdim. Qarşıma axsaya-axsaya, əli əsalı çıxdı.

Sonuncu görüşümüzdən sonra xeyli dirçəlmişdi. Gülə-gülə, “Şükür, yaxşısan! bu Əzrayıl müəllim bilmir ki, şairləri bu həyatdan qoparmaq o qədər də asan deyil...” - dedim.

Üz-üzə oturmuşduq. Gah mənə, gah əlindəki əsaya baxıb, "Görürsən də bu əsanı, o boyda meşələrin bizə hədiyyəsi..." - deyə gülümsədi. Bu, acı bir həqiqətdi.

“Deyirsən, yəni bir ömür gözəlliyindən yazdığımız o meşələrdən, o cökələrdən, o vələslərdən bizə çatan quruca bir budaqdır?”

Fikrimi təsdiq edərək əsanı əlində oynada-oynada yenicə doğulan misralarını pıçıldayır...

Söhbətimizin axırında “Bu boyda stajımızı batıra bilmərik” deyib, asta-asta mətbəxə keçdi. Bir azdan Musa: "Sən bir bunun adına bax e!" - deyib "Sevgilim" şərabını masanın üstünə qoydu. Yanında da keçi pendiri...

Vəssalam. Hansı görüş və ya hansı restoran bu məclisimizi əvəz edə və məni bu qədər sevindirə bilərdi...”