Sənətkarların təcrübəsindən yetərincə istifadə edə bilirikmi?

18:22 25-01-2019 1040

Ziyadxan Əliyev: “Yaradıcı sahələrdə yaş həddini aradan qaldırmaq lazımdır”

 Azərbaycanın teatr və kino sənətinin zəngin tarixi, keçmişi və bugünü var. Bunu mədəniyyət tariximizdə iz qoyan sənətkarlarımızın timsalında bu gün əminliklə deyə bilirik. Keçmişə ani baxış etsək, böyük maarifpərvər, ziyalı Həsən bəy Zərdabinin və görkəmli Azərbaycan yazıçısı Nəcəf bəy Vəzirovun təşəbbüsüylə Azərbaycanda, eləcə də, bütün müsəlman Şərqində peşəkar teatrın əsası qoyulub. Bu teatrın səhnəsində Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mərziyə Davudova, Rza Əfqanlı, Fatma Qədri, Adil İsgəndərov, Münəvvər Kələntərli, Bəşir Səfəroğlu, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Barat Şəkinskaya, Nəsibə Zeynalova kimi sənətkarların adı milli mədəniyyət və incəsənət tariximizə əbədi həkk olunub. Ziyadxan Əliyev ile ilgili görsel sonucu

 Məhz bu şəxsiyyətlərin simasında Azərbaycanda milli və  peşəkar aktyorluq məktəbi formalaşaraq inkişaf edib. Bu məktəbi özündə ehtiva edən mədəniyyət də elə bir sahədir ki,  istedad tez bir zamanda üzə çıxır. Bu istiqamətdə püxtələşmə isə illərlə vaxt aparır. Yuxarıda qeyd etdiyimiz isimlərə isnad etsək, mədəniyyət və incəsənət sahəsində azman sənətkarlarımız həmişə olub. Bu sənətkarların vaxtilə yaratdıqları yaradıcılıq nümunələrini görəndə, eşidəndə və yaratdıqları əsərlərə tamaşa edəndə, onların heç də hansı yaşda olması ağlımıza gəlməz. Bunu düşünmərik də. Əsas olan təqdim edilən,  mədəniyyət və incəsənətin istənilən sahəsinə aid olan əsərlərin sənət əsəri olub-olmamasıdır. Sənətkar sözü də məhz bununla bağlı yaranır. Hansı yaşın deyil, səviyyəli yaradıcı işin təqdimatı əsas götürülür.  Elə yaradıcı insan üçün də zaman-vaxt və yaş məfhumu xüsusi önəm kəsb etmir. İllər sənətdə can qoymuş şəxsi cilalayır və onun yaradıcı, sənətkar portretini bizə təqdim edir.

Amma etiraf edək ki, bugünümüzdə əsl sənət adamlarına yanaşmada bir boşluq var. Konkret desək, onların hazırkı maddi-sosial durumu meydanda at oynadan şou əhlinə uduzur. Sənətkarlıqdan, yaradıcılıqdan uzaq olan şou-biznes sahəsi, adından göründüyü kimi, biznesdən çox  uzaq olan sənətkarları kölgədə qoyub. Bu, təkcə indi üzə çıxan problem olmayaraq, eyni zamanda, tamam başqa bir mövzudur. İndilikdə isə, yaradıcı insanları, bu istiqamətdə fəaliyyət göstərən rəssamların, sənətşünasların, heykəltəraşların, aktyor və aktrisaların, rejissorların və digərlərinin hamısını birləşdirən bir problemdən bəhs edirik. Bu da yaradıcı şəxslərin müəyyən yaşa çatanda təqaüdə göndərilməsi, onların yalnız müqavilə ilə işləyə bilməsinin mümkünlüyüdür. Qeyri-müəyyənlik də elə burda üzə çıxır. Axı dünyanın heç bir ölkəsində əsl sənət adamlarını yaşa görə təqaüdə göndərmirlər. Dünya kinosu və teatrında, rəssamlıq və yaradıcı elm sahəsində elə imzalar var ki, yaşları ötsə, ahıllığa qədəm qoysalar da, hələ də işləyirlər və onların təcrübəsindən böyük məmnuniyyətlə istifadə edirlər. Bilirlər ki, illərin böyük təcrübəsi, bu sahədə görülmüş irimiqyaslı işlər  sonrakı nəsillərə hava-su kimi  vacibdir.  Qarşıda bir örnək yoxdursa, görüb-götürməli, öyrənməli şəxsiyyətlər hansısa səbəbdən bir kənara çəkilibsə, yaranan boşluğu elə şoumenlər və bu istiqaməti seçənlər dolduracaq. Bundan başqa, axı bizim mədəniyyət və incəsənət sahəmizdə, bu yöndəki təcrübəmizdə elə yaşlı sənətkarlar olub ki, onların səsini həmişə eşitmək, oynadıqları tamaşaları, filmləri, yaratdıqları sənət əsərlərini həmişə görmək istəmişik. Keçmişdən üzübəri yada salsaq, Azərbaycanın görkəmli sənətkarları Hökumə Qurbanova, Nəcibə Məlikova, Mirzağa Əliyev, İsmayıl Osmanlı, Sidqi Ruhulla, İsmayıl Dağıstanlı, Mustafa Mərdanov, Əlağa Ağayev, Leyla Bədirbəyli,  Kamal Xudaverdiyev, Lütfi Məmmədbəyov və adlarını çəkmədiyimiz şəxslər 70 yaşdan sonra da teatr və kino sənətimizdə yaddaqalan, əsl sənət əsərləri yaradıblar. Eləcə də,  Sofya Bəsirzadə, Möhsün Sənani, Süleyman Ələsgərov və digər korifey sənətkarlarımızın 80 yaşdan sonra da sənət aləminə hansı uğurları gətirdiklərini qeyd etmək yerinə düşər.  Bu siyahını yaş həddinə görə uzatmaq da olar. Firəngiz Şərifovanın, Ağasadıq Gəraybəylinin, Ələddin Abbasovun 90 yaş və hətta ondan sonra da böyük yaradıcı eşqlə oynadığı rollar orta və yaşlı nəslə yaxşı məlumdur. Deməli, əsas meyar yaradıcılıq istedadı və zəhmətkeşlikdirsə, onların yaşa görə işdən kənarlaşdırılması nə dərəcədə uyğun variantdır?! Aktyorun, aktrisanın, hətta rejissorun da yaşının çoxluğunu əsas gətirərək 60-63 və yaxud, 65 yaş arasında təqaüdə göndərilməsi hansı məntiqdən xəbər verir? Onların müqavilə ilə işləməsini təklif etmək, illərini  sənətə xərcləmiş insanlara necə təsir edə bilər?!

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,  “Sənətşünaslığın təbliği” ictimai birliyinin rəhbəri Ziyadxan Əliyev qəzetimizə açıqlamasında yaradıcı şəxslərin yaşlandqca daha da kamilləşdiklərini söyləyir. Sənətşünas vurğulayır ki, sənətkarlarımız illər keçdikçə hamıya nümunə olan sənət nümayiş etdirirlər:  “Ona görə də, yaradıcı şəxslərin müəyyən yaş həddinə gələndə təqaüdə göndərilməsinin qəti əleyhinəyəm. Rəssamlıq Məktəbiin müəllimləri var ki, onlar bu illər ərzində tamamilə püxtələşərək sənətkarlıq zirvəsinə çatıblar.  Onlar pedaqoq kimi fəaliyyət göstərə bildikləri halda, təqaüdə göndərilirlər. Təhsil Nazirliyinin əmrinə görə, onlar 65 yaşdan təqaüdə gedirlər.  Müəllim kimi onlar gənclərə daha çox yaradıcı nümunə göstərə bilərlər. Düşünürəm ki, yaradıcı sahələrdə yaş həddini aradan qaldırmaq lazımdır. Ümumiyyətlə, yaradıcı insanların bu yaşda  təqaüdə göndərilməsinə yanaşma dəyişilməlidir. Yadınıza salım, bu yaxınlarda Gənc Tamaşaçılar Teatrında xalq artisti Yasin Qarayevi, Lətifə Əliyevanı, Ağaxan Salmanovu təqaüdə göndərdilər. Bu, nə dərəcədə doğrudur?! Mədəniyyət sahəsində çalışan, ümumiyyətlə, yaradıcı insanların gənc vaxtlarında da maddi təminatı digər sahələrlə müqayisədə, elə də yüksək olmayıb. Bu sahədə maaşlar həmişə aşağı olub. Doğrudur, bir qrup şəxs prezident təqaüdü ilə təmin edilir. Amma bundan hamı yararlanmır ki?! Düşünürəm ki,  təqaüdə çıxarmaqla, yaş həddiylə  bağlı məsələ yenidən müzakirə olunmalıdır və yaradıcı insanlara yaşa görə qadağa qoymamalıdır”.

 Nigar Vaqifqızı