Bakıda Cabbarlının ev-muzeyi olacaq - Nazir

15:55 25-01-2019 710

Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsini, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur. Sözsüz ki, bu sahədə çalışan insanların işsiz qalmamasını da təmin etməliyik. Bizim üçün insan faktoru əsas olaraq qalır. Eyni zamanda, müasirləşmə getməli, sistem təkmilləşdirilməlidir.

Kult.az xəbər verir ki, bu barədə yanvarın 25-də Mədəniyyət naziri Əbülfəs Qarayev Xızıda keçirilən vətəndaş qəbulu zamanı jurnalistlərə açıqlamasında bildirib.

Nazir görkəmli ədib Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqında dövlətimizin başçısının sərəncamına da diqqət çəkərək, bununla əlaqədar silsilə tədbirlərin təşkil olunmasının nəzərdə tutulduğunu söyləyib:

“Cəfər Cabbarlının 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi addımlar atılır. İl ərzində ölkəmizin mədəniyyət müəssisələrində çoxsaylı tədbirlər keçiriləcək, teatrlarımızda görkəmli dramaturqun əsərləri tamaşaya qoyulacaq. Qəbul zamanı ziyalılar tərəfindən ədibin Xızıda yerləşən ev-muzeyinin fəaliyyətinin təkmilləşdirilməsi, yenilənməsi ilə bağlı təkliflər səsləndirildi. Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin fəaliyyəti üçün də yeni təkliflər hazırlanacaq. Orada bəzi hüquqi məsələlər mövcuddur. Bu məsələlər öz həllini tapdıqdan sonra muzeyin fəaliyyəti təmin olunacaq”.

Əbülfəs Qarayev Xızıya səfəri çərçivəsində Cəfər Cabbarlının rayonda yerləşən ev-muzeyinin fəaliyyəti ilə tanış olub.