Elnur Aslanovun AzTV-dəki adamı işdən qovuldu

15:13 25-01-2019 850

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam etdirilir.

AzEuroNews.com xəbər verir ki, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov bununla bağlı müvafiq qərarlar qəbul edib. AzTV-nin Böyük Britaniya və Yaponiya bürosunun bağlanması, Ukrayna və Şərqi Avropa üzrə təmsilçisinin isə geri çağırılaraq işdən azad edilməsi barədə qərar qəbul edilib.

Bundan başqa QSC-nin daxili strukturlarında da bir sıra şəxslərin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib. Qeyd olunan bürolardakı təmsilçilər təhfil-təslim üçün Bakıya çağırılıblar. Əldə olunan məlumata görə aparılan bütün kadr islahatlarına səbəb onların fəaliyyətilərində yol verdikləri ciddi nöqsanlardır.

Qeyd edək ki, AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə təmsilçisi Mövsüm Aslanov son zamanlar diaspor işinə qanunsuz müdaxilələri və digər problemlərlə bağlı gündəmə gəlmişdi. Güman edilir ki, onunla bağlı qəbul edilən qərarlarda bu məsələlərin böyük rolu olub.

Məlumat üçün bildirək ki, Mövsüm Aslanov və onun keçmiş operatoru Anar Tahirov vurulan Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanov və eks deputat Ceyhun Osmanlı ilə eyni komandada olub və 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhddə ittiham edilən, hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan Fətullah Gülənin tərəfdarları kimi tanınınblar.

Elnur Aslanovun hazırkı fəaliyyətinə gəlincə, o, Ukraynada dostları ilə öz biznesini genişləndirir.