Nazir Səudiyyə və Gürcüstan səfirləri ilə görüşdü

18:34 21-01-2019 875

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfirləri ilə görüşüb.

Axar.az xəbər verir ki, Səudiyyə Ərəbistanının səfiri Hamad Abdulla Xudairlə keçirilmiş görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

2019-cu ildə Səudiyyə Ərəbistanında və Azərbaycanda İslam Mədəniyyət Həftəsinin keçiriləcəyini xatırladan nazir bu tədbirlərin qarşılıqlı mədəni mübadilə üçün şərait yaradacağını qeyd edib.

Daha sonra nazir Əbülfəs Qarayev Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradzeni qəbul edib. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq, ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində həyata keçirilə biləcək tədbirlər və hər iki ölkədə təşkil olunan beynəlxalq tədbirlərdə iştirak məsələləri müzakirə edilib.

Nazir keçirilən görüşlər zamanı hər iki qonağı 2019-cu ilin may ayında Bakı şəhərində keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.