Nəsimi ilə bağlı iki yanlış: Əmir Teymurla görüş və... - Tarix

15:43 21-01-2019 825

Böyük Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsimi bütövlükdə Şərq tarixinin ən önəmli fikir adamlarından biri kimi, zaman-zaman müxtəlif rəvayətlərə mövzu olub.

Xüsusən, “Nəsimi” filmində qüdrətli türk hökmdarı Əmir Teymurla şair arasında keçən dialoq insanlarda bu iki nəhəng şəxsiyyətin görüşməsi haqda fikir formalaşdırıb. Doğrudur, Əmir Teymur Nəsiminin təmsil etdiyi hürufilik təriqətinin tərəfdarlarını təqib edir, bu dini-fəlsəfi görüşün yayılmasının qarşısını almağa çalışırdı. Ancaq onun bu siyasətində birbaşa İmadəddin Nəsimi ilə bağlı hər hansı qərarı yoxdur.

Bu məsələdə bir nüansa diqqət çəkmək olar: Əmir Teymur Anadolu torpaqlarına hücum edəndə Nəsimi Hələbə köçüb. Yəni onun Hələbə gəlməsi məhz Teymurun yürüşü ilə əlaqələndirilir.

Kult.az xəbər verir ki, tarixçi Əkbər Nəcəf İmadəddin Nəsimi ilə bağlı yanlış bilinən iki məlumatı diqqətə çatdırıb.

O bildirib ki, çox vaxt insanlar “Nəsimi” filmindəki səhnələrin real həyatla uyğun olduğunu, qüdrətli türk hökmdarı Əmir Teymurun Nəsimi ilə görüşdüyünü zənn edirlər:

“Əmir Teymur nə Nəimi, nə də İmadəddin Nəsimini görüb. Həmçinin onlarla bağlı hər hansı bir fərman verməyib. Nəimi Şirvanşah I İbrahimin əməllərinin qurbanı oldu. Çünki Şirvanşah hürufilərin Şirvanda nüfuz sahibi olmasını istəmirdi və onların varlığı şahı narahat edirdi”.

Tarixçi qeyd edir ki, yanlış məlumatlardan biri də Nəsiminin hürufilik təriqətinin banisi olan sufi alim, şair, filosof Nəiminin varisi olmasıdır:

“İddia edildiyi kimi, Nəsimi Fəzlullah Nəiminin varisi olmayıb. Nəiminin xələfi və kürəkəni Əbül-Əla idi. Anadoluda da hürufiliyi Əbül-Əla yayıb”.

Bundan başqa, bəzi mənbələrdə Nəsiminin Bağdadda doğulması ilə bağlı yanlış bilgilər yer alır. Lakin Nəsiminin 1369-cu ildə Şamaxıda doğulduğu, həmçinin ilk təhsilini burada aldığı bilinir.

İstənilən yanlışlığa baxmayaraq, İmadəddin Nəsimi Azərbaycan fəlsəfi fikrinin inkişaf etməsində müstəsna xidmətləri olmuş görkəmli şair, mütəfəkkir kimi adını tariximizə yazdırıb.