Jukovun Stalinə hesabatı ortaya çıxdı – 74 il sonra

14:35 17-01-2019 850

Rusiya Tarix Cəmiyyətinin işçi qrupunun iclasında 1945-ci ildə Polşanın alman işğalından azad edilməsi ilə bağlı tarixi sənəd ilk dəfə işıq üzü görüb.

Axar.az xəbər verir ki, sözügedən hesabat 1945-ci ilin 29 yanvarında Birinci Belarus Cəbhəsi komandanı marşal Georgi Jukov tərəfindən İosif Stalinin rəhbərlik etdiyi Dövlət Müdafiə Komitəsinə yazılıb.

“Əsgərlərin hücum döyüşləri zamanı 17 gün ərzində 400 kilometr yol qət edilib. Belarus cəbhəsi istiqamətində yerləşən Polşanın bütün qərb bölgələri tamamilə düşməndən təmizlənib”, - hesabatda deyilib.

Marşalın sözlərinə görə, qoşunların sürətlə hərəkət etməsi hitlerçilərin şəhərləri, sənaye müəssisələrini, dəmiryollarını və şosseləri dağıtmasına, Polşa əhalisini qırmasına və əsir almasına, mal-qara və ərzaq aparmasına əngəl olub.

“Faşist barbarları Polşanın paytaxtı Varşavanı tamamilə məhv edib. London, Polşanın mühacir hökuməti və Krayova ordusunun rəhbərliyinin təhriki ilə 1944-cü ilin avqust-sentyabr aylarında Varşavadakı üsyanlar şəhərin tamamilə dağıdılması ilə nəticələnib. Şəhər xarabalığa çevrilib. İri sənaye müəssisələri yer üzündən silinib. Yaşayış evləri partladılıb və ya yandırılıb. Şəhər təsərrüfatı məhv edilib. Onminlərlə əhali məhv edilib, qalanları isə qovulub. Şəhər ölüdür”, - sənəddə deyilir.

Jukov həmçinin Polşanın azad edilmiş Lodz, Radom, Tomaşov və Bıdqoş kimi şəhərlərində 14 yanvar 1945-ci ilə qədər mövcud olmuş bütün sənaye müəssisələrinin, bütün avadanlıq və ehtiyatları ilə birlikdə tamamilə qorunub saxlandığını qeyd edib.