Professor ziyalının iradına hiddətləndi: Necə yəni olmaz?

16:52 19-12-2018 218

Dillə bağlı təşkil olunan silsilə tədbirlər çərçivəsində çıxış edən ziyalılardan birinin şəxs əvəzliklərindən sonra vergül qoyulmasını səhv adlandırması müzakirələrə yol açıb. Nə qədər qəribə də olsa, ziyalının bu mövqeyi istətr-istəməz bu sahədə orta məktəb səviyyəsində biliyi təkrarlamağı zəruri edib.

Bu barədə Kult.az-a danışan Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi Dilçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü, professor İsmayıl Məmmədli bildirib ki, şəxs əvəzliklərindən sonra vergül qoyulması əvəzlikdən sonra gələn nitq hissələrindən asılı olaraq dəyişir:

“Üçüncü şəxsin təkini bildirən “o” əvəzliyindən sonra vergül qoyulması zamanı bir çox hallarda səhvlərə yol verilir. Bəzi insanlar yeri gəldi-gəlmədi “o”-dan sonra vergül qoyurlar. Bu, qətiyyən düzgün deyil. Çünki “o” həm işarə, həm də şəxs əvəzliyi kimi işlənir. Məsələn, “O kitab mənim ən çox oxuduğum kitabdır”. Burada “o” işarə əvəzliyi olduğu üçün özündən sonra vergül qoyulmur. “O, kitabı hər şeydən çox sevir” deyəndə isə burada “o” şəxs əvəzliyi olduğu üçün mütləq özündən sonra vergül qoyulmalıdır.

Əvəzliklərdən sonra əlavələr işlədiləndə (“Mən, Nuriyeva Ləman Ziyafət qızı 1984-cü ildə Bakı şəhərində anadan olmuşam”) vergül qoyulur. “O” əvəzliyindən sonra xəbər gəlirsə, bu zaman vergül qoyulmur. Məsələn: “O dedi ki...”

“O bu kitabı axıra qədər oxudu” cümləsində “o” dan sonra “bu” işarə əvəzliyi gəldiyi üçün vergül qoyulmasına ehtiyac yoxdur.

Bu qaydalardan məlumatsız olmaq dili bilməməkdən irəli gəlir. Arzu edərdim ki, hər kəs Azərbaycan dilinin qrammatikası ilə bağlı kitabları oxusun, məktəb dərsliklərinə baxsın.

Durğu işarələri ilə bağlı Zərifə Budaqovanın 1977-ci ildə nəşr olunmuş kitabında, eləcə də AMEA-nın “Müasir Azərbaycan dili” kitabının birinci cildində ətraflı məlumat qeyd olunub”.