Bakıda 1 milyon manatlıq mənzillər satışa çıxarılıb - Alıcıları kimlər olacaq?

15:54 11-02-2020 85

Bakıdakı yaşayış komplekslərinin birində qiyməti 1 milyon manatı keçən mənzillər satışa çıxarılıb.

“AzPolitika.info” xəbər verir ki, paytaxtın məşhur binalarından biri olan plazadakı mənzillərin satışa çıxarılması barədə məlumat mənzillərin satışı ilə məşğul olan qrup tərəfindən Fed.az-a verilib.

Sözügedən yaşayış kompleksi ölkənin ən böyük biznes qruplarından olan “Azərsun Holdinq”ə məxsusdur və 10 il bundan əvvəl inşa olunub. “İçəri Şəhər” metro stansiyasından yuxarıda yerləşən və dənizə panoraması olan bu kompleksdə mənzillərin bir qismi indiyə kimi satılmayıb. Hazırda isə əsasən 1-ci və 6-cı mərtəbələrdəki mənzillər satışa çıxarılıb.

Bu xəbərdəki ən maraqlı məqam həmin mənzillərin qiymətilə bağlıdır. Sən demə, devalvasiyadan və böhrandan əvvəl həmin mənzillərin bir kvadrat metri5 min ABŞ dollarına təklif edilirmiş. Lakin həmin vaxt mənzillərin hamısını satmaq mümkün olmayıb. Hazırda isə buradakı mənzillərin bir kvadrat metrinin qiyməti 2700-3800 manat aralığında dəyişir. Satışa çıxarılan mənzillər arasında 3-4 otaqlı, sahəsi 280-340 kvadrat metr olanları var. Bu, o deməkdir ki, belə mənzillərin ortalama qiyməti 1 milyon manatı aşır!

Azərbaycanda əmlak bazarının anormallığı və buradakı qiymətlərin ölkədəki orta əmək haqqı və digər rəsmi gəlir göstəricilərilə daban-dabana zidd olduğu dəfələrlə vurğulanıb. Lakin dəyişən bir şey yoxdur və qeyd edək ki, buna bənzər qiymətlərə digər bəzi yaşayış komplekslərində də rast gəlmək mümkündür.

Məsələnin ən maraqlı tərəfi isə həmin mənzilləri kimlərin almasıdır. Çünki Azərbaycanda rəsmi gəlirləri bu dəyərdə olan əmlakı almağa yetən adamların sayı, əgər belələri varsa da, barmaqla sayılacaq qədər ola bilər.Ancaq reallıq göstərir ki, belə mənzillərə tələbat heç də aşağı səviyyədə deyil və indiyə qədər satılmış, qiyməti nəinki milyon manatı, hətta milyon dolları keçən mənzillərin, mülklərin sayı ölkədəki rəsmi milyonçuların sayını qat-qat üstələyir...

Cəlal Məmmədov 

“AzPolitika.info