Siyasi müxalifət, yoxsa bu rolu oynayan aktyorlar?

18:15 24-01-2020 135

"Elin gözü tərəzidir"

 Son 25 il ərzində Azərbaycan müxalifəti həmişə vətəndaşdan gileyləndi - onları passiv olmaqda, müxalifətin arxasınca getməməkdə günahlandırdı. Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərdən götürdüyüm son müsahibənin əsas süjet xətti də bundan ibarət oldu. Söhbəti başqa məcraya yönəltmək cəhdlərim heç bir nəticə vermədi, İsa bəy xalqı tam olaraq ittihamlarla yüklədikdən sonra digər məsələlərə münasibət bildirdi. Lakin  politologiya elmi də sübut edir ki, "kütlə" adlandırılan vətəndaş toplumu - xalq heç vaxt səhv etmir. Hazırda hətta, belə fikirlər də populyardır ki, kütlənin hərəkətlərini dəyişikliklərin indikatoru - testi kimi də nəzərə almaq olar. Məsələn, bu gün hakimiyyət iddia edir ki, Azərbaycan xalqı firavan yaşayır, iqtidar xalqı "yağ içində böyrək" kimi bəsləyir. Özünü müxaliət hesab edən, iqtidar tərəfindən "ənənəvi müxalifət" adlandırılan bir zümrə isə deyir ki, xalq layiq olduğundan qat-qat aşağı səviyyədə yaşayır, sərvətinin həcmi trilyon dollarlarla ölçülə bilən xalq işsizlikdən, kasıbçılıqdan və səfalətdən əziyyət çəkir. Nə qədər qəribə, mövqeylər təzadlı olsa da, məsələyə peşəkər yanaşma zamanı hər iki mövqeydə həqiqət payı olduğu üzə çıxır. Sadəcə olaraq, müzakirə mövzusu bu həqiqətlərin xüsusi çəkisi - xalqın neçə faizinin iqtidar iddia etdiyi kimi, neçə faizinin isə müxalifətin qiymətləndirdiyi kimi yaşamasıdır. Biz politoloji araşdırmalar vasitəsi ilə bu nisbəti tapa bilərik, amma bu da nisbi bir rəqəm olacaq. Ən yaxşısını yenə xalq bilir - hərə öz qonşusunun qapısını döyməklə, onunla bir süfrə arxasında oturmaqla bir-birinin vəziyyətindən agah olur və bu qənaət ən dürüst qənaətdir. Vətəndaşın əlində kifayət qədər belə test etmə imkanları var və bunun üçün ona pul-para və ya başqa maliyyələşmə lazım deyil. Amma, bu işlə hər hansı bir qurum - istər dövlət, istərsə də vətəndaş cəmiyyəti institutları - məşğul olursa, ona ciddi maliyyə resursları ayırmaq lazım gəlir. Bu resursların kim tərəfindən ayrılması da Azərbaycanda həlledici məsələlərdən biridir. Çünki bu da nəticələrə təsir göstərə bilər. Xalqın qənaətinə isə heç kimin şübhəsi yoxdur, yalnız o öz qənaətini dilə gətirərkən qeyri-səmimi ola bilər ki, bu da dövlətin cəbr aparatının təsiri ilə əlaqədardır. Yəni hökumətin qorxusundan vətəndaş yalan danışa bilər, buna baxmayaraq, o həqiqətləri dəqiqliklə anlayır. Ona görə də nə müxalifətin, nə də iqtidarın xalqı - vətəndaşları nədəsə suçlamağa haqqı yoxdur.

Son 25 ildə iqtidarın "ənənəvi müxalifət" adlandırdığı kəsim iqtidara nisbətən xalqı daha çox ittiham edir. Kütləni ona dəstək verməməkdə ittiham edir (iqtidar bu istiqamətdə ittihamları ona görə dilə gətirmir ki, onun xalqın dəstəyinə ehtiyacı yoxdur A. N). Son 25 ildə Azərbaycan müxalifətinin mübarizəsinə nəzər saldıqda görürük ki, onların müxtəlif qanadları növbəlilik prinsipi ilə iqtidarla aktiv mübarizəyə qoşulub. Yəni hər zaman müxalifətin iki qanadının fikri parçalanıb. Xalq Cəbhəsi seçkiyə qatılıb aktiv mübarizə qərarı verəndə Müsavat Partiyası boykot qərarı verib və ya aktiv mübarizəni məqbul saymayıb, yaxud əksinə. Çox nadir hallarda müxalifətin bu iki qanadının aktiv mübarizə qərarı üst-üstə düşüb və qısa zaman kəsiyində sona çatıb. Diqqətə çatdırmaq istəyirəm ki, mən müxalifətin birliyindən danışmıram, onların birləşməsi heç arzuolunan da deyil. Söhbət, sadəcə müxalifətin eyni zamanda bütünlüklə mübarizəyə qatılmasından gedir. Bu hal 90-ların ikinci yarısında, rəhmətlik Heydər Əliyev hakimiyyəti dönəmində müşahidə edilirdi ki, o da öz nəticələrini verirdi. Həmin dövrdə iqtidarın tez-tez müxalifətlə və digər vətəndaş cəmiyyəti institutları ilə məsləhətləşmələri olurdu, bəzən isə müəyyən məsələlərdə ortaq mövqeyə gələ bilirdilər. Heydər Əliyevin jurnalistlərlə görüşü, müxalifətin parlamentdə gedən müzakirələrə dəvət edilməsi və s. yəqin ki, unudulmayıb. İndi belə hadisələr Azərbaycan cəmiyyəti üçün fantastik olay kimi görünür. Çünki vaxtı ilə bu nəticəyə gətirib çıxaran səbəblər yoxdur, müxalifət müxtəlif səbəblər üzündən parçalanaraq sıradan çıxıb.

Yəqin ki, ötən il ərzində ölkədə baş verənlər hələ heç kimin yadından çıxmayıb. 19 yanvarda başlanan mitinqlər oktyabır ayına qədər inkişaf edərək, sonda qarşıdurmaya səbəb oldu. AXSP sədri Əli Kərimli və onun tərəfdaşları həbs edildi, döyüldü və s. Müxalifətin digər qanadı, xüsusilə də Müsavat Partiyası isə sirkə baxırmış kimi bu prosesləri sadəcə müşahidə edirdi. Həmin dövrdə müxalifət proqnozlar verirdi ki, tezliklə növbədənkənar parlament seçkiləri keçiriləcək. Proqnozlar doğruldu, normal düşüncə tərzinə görə, 2019-cu il boyu küçə mübarizəsində israrlı olan müxalifət üçün bu seçki bir fürsət idi. Yəni AXCP proqnozlaşdırdığı növbədənkənar seçkilərə daha böyük həvəslə getməli idi. Çünki onlar bilirdi ki, seçki keçiriləcək, o üzdən də öz hazırlıqlarını əvvəlcədən həyata keçirmək imkanına malik idi. Lakin proseslər hamının gözlədiyinin tam əksi istiqamətdə inkişaf etdi. İlboyu aktiv mübarizə aparan müxalifət qanadı seçkilərdə iştirakdan imtina etdi və estafeti ötən il passiv mövqedə olan digər qanada - Müsavat və REAL partiyalarına verdi. Axı nəyə görə? Düzdür, seçkini boykot edən müxalifət qanadı iddia edir ki, seçki mühiti dözülməzdir, demokratik və ədalətli seçki keçirmək mümkünsüzdür. Bəs müxalifət üçün seçki mühitini kim formalaşdırmalı, seçkilərin demokratik və ədalətli keçrilməsini kim təmin etməlidir?

Dünyanın bütün demokratik ölkələrində bu işi cəmiyyəti öz arxasınca apara bilən müxalifət düşərgəsi həyata keçirir. Ən yaxşı halda müxalifətin israrlı tələbləri və davamlı mübarizəsi addım-addım prosesi irəlilədib, sonda mükəmməl bir demokratiyaya nail olunub. Bütün ölkələrdə dövlətin cəbr aparatı əlində olan iqtidar öz qərarlarının keçərli olmasına çalışır. Bu ABŞ-da da belədi, Azərbaycanda da... Lakin ABŞ iqtidarı buna 10 faiz, Azərbaycan iqtidarı isə 99-100 faiz nail ola bilir. Göründüyü kimi, fərq yalnız iqtidarın qarşısında dayanan müxalifətin gücündə, israrlılığında və mübarizəsinin ardıcıllığındadır. Bizim müxalifət isə iki hissəyə parçalanaraq növbətçi dispeçer kimi bir-birini mübarizədə əvəzləmək yolunu tutub.

Fikrimizcə, məhz bu səbəbdən də Azərbaycan cəmiyyəti müxalifətə inanmır, onları qeyri-ciddi qüvvə sayır. Hətta, bir çoxları düşünür ki, müxalifətin parçalanmış hissələri müxtəlif qüvvələrin sifarişini yerinə yetirir. Bu ittihamlar nə qədər qəribə olsa da ağılabatandı. Bir il israrla mitinq keçirən, hökumətlə qarşıdurma səviyyəsinə qədər prosesi inkişaf etdirən müxalif siyasi qüvvə bir ay sonra keçirilən parlament seçkisinə nədən bir fürsət kimi baxmır? Mübarizə aparmaq, iqtidara təsir etmək imkanı yoxdursa, heç bir seçkinin keçirilməsi nəzərdə tutulmadığı 2019-cu il ərzində nə üçün davamlı mitinqlər, piketlər təşkil edilir, cəmiyyət icazəsiz mitinqlərə çağrış edilirdi? Bunun ardınca isə seçki mübarizəsindən imtina edilir, bu hansı məntiqə sığır?

Bəli, belə bir atalar misalı var: "Elin gözü tərəzidir". Yuxarıda qeyd etdiyimiz qənaəti bir daha vurğulayırıq ki, cəmiyyət heç vaxt, heç bir yerdə səhv etmir, o cümlədən də Azərbaycanda. Bu gün Azərbaycan xalqının müxalifətə inamının aşağı olması da səhv deyil, bunun köklü səbəbləri var və bu səbəblər müxalifətin özü ilə birbaşa bağlıdır. Konkret desək, bu gün ölkədə müxalif qüvvələr olsa da, siyasi müxalifət yoxdur, sadəcə siyasi müxalifət rolunu daha yaxşı oynamağa çalışan zümrə var, ona da xalq haqlı olaraq inanmır. Bəli, bu gün ölkədə şəriksiz hakimiyyəti olan iqtidar var və bu qüvvə xalqın idarə edilməsində mütləqiyyətə malikdir. Bu səbəbdən də o həmişə haqlıdır və onun haqlı olduğu ölkədə həqiqi müxalifətin yaranacağı vaxta qədər davam edəcək. Nə qədər acınacaqlı olsa da, müasir dünyada haqlı güclü deyil, güclü haqlıdır prinsipi hökm sürməkdədir. Azərbaycan isə bu dünyanın bir parçasıdır - nə qədər ki, cəmiyyəti özünə səmimi olaraq inandıra və onu idarə edə bilən qüvvə yoxdur, o vaxta qədər cəmiyyət deyil, iqtidar güclü olaraq qalacaq. Odur ki, hamınıza elin tərəzisi olan "gözünə" inanmağı, heç bir eyforiyaya qapılmamağı tövsiyə edirəm.

 Akif Nəsirli