Millətin gələcəyi...

18:05 24-01-2020 155

Onu ilk travmalarla ömürlük şikəst edirik

 İnsanın bir fərd olaraq yaşadığı cəmiyyətdə, müəyyən toplumda uğur qazanmasının ilk yolu ailədən, daha sonra isə məktəbdən başlayır. Sanıram, bu adi məsələni bilməyən yoxdur, varsa, deməli, onun nə ailə, nə də məktəb adlı anlayışdan xəbəri var. Lakin bu məqamda heç də cahillərdən bəhs etmək fikrində deyiləm, onlar heç olmasa bu gün vacib bir məsələdən danışmağa imkan versin.

Vacib məsələ, qeyd etdiyim kimi, uğur qazanmağın ilk ünvanından biri olan məktəblə bağlıdır. O məktəb ki, mahiyyəti, fəaliyyəti doğrudan da özünə, simasına, bir sözlə, adına layiq olmalıdır.

Lakin buna imkan verərlərmi? İmkan verməyənlər, həm də, təkcə cahillərdimi? Təhsilli adlandırılaraq, özünü hətta deyərdim, ziyalılardan da üstün sayan, mahiyyətinə varanda isə yalnız diplom sahibi olan kəslərin, zənnimcə, o cahillərdən zərrəcə də fərqi yox. Çünki orta təhsilin başında dayanaraq sabahın qurucularının, gələcəyimiz adlandırdığımız övladlarımızın həyatıyla istədikləri kimi oynayırlar. Onlar üçün vacib deyil, bugünün uşaqları sabahın, gələcəyin qurucularıdır, yoxsa əksinə. Onlar sadəcə, öz vəzifələrinin inzibatçılarıdır, vəssalam. Onların övladlarımızın həyatına, gələcəyinə bəribaşdan qoyduqları nöqtənin sualını isə oxuculara ünvanlayıram. Ki, hər oxucu da bir və ya bir neçə uşağın ata-anası, nənə-babası, xala-bibisi, əmi-dayısıdır və s. Bu siyahını övlad yiyəsi olmayan, lakin olacaq namizədlərədək də uzatmaq olar. Çünki məsələnin kimliyindən asılı olmayaraq, hamıya aidiyyəti var.

Yeri gəlmişkən, bu gün orta məktəblərin əksəriyyətində psixoloq ştatının çatışmazlığından bəhs edilir. Vaxtaşırı cəmiyyətdə baş verən, həmçinin məktəblərlə bağlı olan bəzi olayların azalması üçün psixoloq ştatının vacibliyindən danışılır. Bu məsələdə valideynlərlə məktəb kollektivinin mövqeyi üst-üstə düşsə də, fəqət mahiyyət baxımından onu tamamilə eyni hesab etmək olmaz. Çünki valideynlərin təpkisindən ehtiyat edən bəzi məktəb rəhbərləri baş verənlərdən yaxasını kənara çəkmək üçün qarşı tərəfin hər istəyi ilə razılaşmağa məcburdur. Yəni valideyn övladının məktəbə doğrudan da sağ-salamat gedib-gəlməsi, orada öz yoldaşlarıyla normal şəkildə ünsiyyət qurması, oxuması üçün məhz psixoloji məqam kimi məktəb psixoloqlarının olmasına üstünlük verir. Nəinki üstünlük verir, onların hər məktəbdə olmasını, çalışmasını vacib bilir. Psixoloqlar insaf xatirinə, bəzi məktəblərdə olsa da, etiraf edək ki, məktəbdə baş verən bəzi intihar cəhdi və bu tip faciədən sonra həmin ştatların yaradılması günün vacib məsələsinə döndü. Lakin bu məqamda məqsədimiz yenə də sözügedən məsələnin özəlliyini qabartmaq deyil. Uzun-uzadı girişin qısaca bir sonluğu da olacaq, çünki məsələyə birbaşa keçiddən geniş bəhs etmək çoxlarının əsəblərinin gərilməsinə səbəb olar. Necə ki orta məktəblərdə şagirdlərin üzləşdiyi bir məqam onların ömürlük travmasına çevrilir. Uşaqkən alınan travmanın gələcək fəsadını isə onu yaşayanlar çox gözəl bilir.

Xülasə, nə demək istəyirəm? Onu demək istəyirəm ki, orta məktəblərin direktorları hər yeni dərs ili başlamazdan öncə ibtidai siniflərə qəbul etdiyi müəllimələrin bliyinə, savadına önəm verdiyi kimi, onların yaşına, ailə vəziyyətinə, sosial statusuna da diqqət etsə, yaxşıdır. Ona görə ki, bu gün direktorların diqqət etmədiyi, gənc müəllimlərin isə sərt şəkildə desəm, eqoistliyinin nəticəsində gələcəyimiz əldən gedir. Gənc müəllimələr birinci sinfi götürür, dörd il, yəni tam ibtidai sinif pilləsi bitənədək dərs deməli olduğu halda, ailə quraraq sinfi təhvil verir. Çünki onun ailə qurduğu təqdirdə, övlad sahibi olacağı da şübhəsizdir və adətən, elə belə də olur. Gənc müəllimə, az sonra gənc ana olaraq məktəblə müvəqqəti vidalaşır və övladını böyütməyə yollanır. Həmin müəllimənin əvəzinə başqa bir müəllimə təyin olunur, o da “ya zəlzələdən, ya da vəlvələdən”, hansısa səbəbdən yenə də sinfi tərk edir və s. və i.

Siz deyin, bir tədris ilində bir neçə müəllimənin təyin edildiyi sinifdə hansı irəliləyişdən, yüksəlişdən, pedaqoji qayda-qanunlardan və digər məsələlərdən danışmaq olar? Ən vacibi isə, şagirdlərlə düzgün ünsiyyət quran, onlarla az vaxtda dostlaşan, müxtəlif xarakterə məxsus siniflə az vaxtda “dil tapan” müəllimənin az keçməmiş başqasıyla əvəzlənməsi hansı məqsədə xidmət edir?

Müəllimələrin təyinatında dəqiqliklə bilmirəm, hansı mexanizmlər əsas rol oynayır, lakin bir məqama bütün məktəb rəhbərliyi tam ciddiyyətlə diqqət etməlidir. Bu da şagirdlərin əvəzçiliklə dərs deyən müəllimə travmasını yaşamasıdır. Çünki şagird bilmir ona dərs deyən müəllimə hansı müddət üçün təyin edilib. Şagird yeni müəlliməni yüksək keyfiyyətlərinə, özünü sinfə sevdirməsinə görə qarşılıqlı və təbii şəkildə sevir, ona uyğunlaşır. Lakin bir müddət sonra həmin müəlliməni kənarlaşdırıb yerinə başqa birisini təyin edirlər. Müəllimələrin əvəzlənməsinin ağrısını, çətinliyini, hətta deyərdim, psixoloji şokunu, travmasını da elə məhz uşaqlar yaşayır. Bəli, böyüklərin o qədər mahiyyətinə varmadığı məsələləri, incə məqamları həssaslıqla qarşılayan azyaşlılar. Onlar nə yazıq, ilk travmanı da elə bir fərd, layiqli bir cəmiyyət üzvü kimi yetişdirilməli olduqları orta məktəblərdə alırlar.

Dərs ili başlanmazdan öncə direktorların həll etməli olduğu, lakin etmədiyi, dərs ilinin sonunadək sinfə yalnız bir müəlliməni təyin etmədiyinin, bu məsuliyyətsizliyin zərbəsini azyaşlı uşaqlar çəkir. Bu isə sadəcə, ilk sinifdə vurulan, unudulası bir zərbə deyil. Bütün ömürdə yaddan çıxmayan, daşıdıqca daşınası bir zərbədir. Onu da guya hər zərbədən, ağırlıqdan, ağrılardan, çətinlikdən, yükdən qorumaq istədiyimiz uşaqlara rəva görürük. Daha doğrusu, rəva görürlər - gözümüzün içinə baxa-baxa, “təhsil millətin gələcəyidir” şüarını başının üstündən asaraq və hər cür vicdan və məsuliyyət hissini məktəbin kandarında qoyaraq!

 Nigar Orucova