Ülvi Quliyev vətəndaşlarla təmasdan yayınır - Seçiciləri heç onu tanımırda - VİDEO

16:27 24-01-2020 245

15 saylı Yasamal 1-ci seçki dairəsindən namizədliyini yenidən irəli sürən deputat Ülvi Quliyev seçicilərin etirazı ilə üzləşib.
Bu barədə redaksiyamıza müraciət edən dairə sakinləri bildiriblər. 3-cü Yasamal sakinləri adından redaksiyamıza göndərilən məktubda bildirilir ki, Ülvi Quliyevi “bütün deputatlar kimi” seçkidən-seçkiyə görürlər:

“Əvvəllər qonşu dairədən deputat təyin etdirmişdi özünü, növbəti seçkidə həmin dairənin sakinləri etiraz etdi deyə bizim dairəyə gəldi. Seçkidən əvvəl hərdən görüşlər keçirirdi, vədlər verirdi, seçki bitəndən sonra biz onun üzünü görmədik. Qəbuluna da düşə bilmədik bu illər ərzində.

Biz demirik ki, bizə yol çəksin, işıq, qaz, su verdirsin, iş tapsın. Heç olmasa bir dəfə bizimlə görüşüb maraqlanaydı ki, parlamentdə hansı qanunun qəbul olunmasını, hansı məsələnin qaldırılmasını istəyirsiniz. Bunu da etmədi. İdmançıdı getsin idmanla məşğul olsun, bütün günü idman tədbirlərindədir. Biz başa düşmürük, 15 saylı dairədə yaşayanların hamısı idmançıdır? Bizim idmandan başqa dərdimiz, problemimiz yoxdur?”

Sakinlər bildirirlər ki, artıq bir həftəyə yaxındır təbliğat-təşviqat kampaniyası başlayıb, amma deputat bir dəfə də olsun məhəlləyə gəlib onlarla görüşməyib: “Nümayəndələri gəlir, plakat, broşür paylayır gedirlər. Başqa namizədlər qapı-qapı gəzir özlərini təqdim edirlər, xalqı maraqlandıran məsələləri öyrənirlər, Ülvi Quliyev uzaqdan kampaniya aparır. Görünür, yayılan ağır qrip viruslarından qorxur, ona görə vətəndaşlarla təmasdan yayınır”.

Bir faktı da qeyd edək ki, bu yaxınlarda Media TV-nin əməkdaşı Yasamal rayonu ərazisinidə sakinlərdən "Deputatınızı tanıyırsınızmı?" sualı ilə video-sorğu keçirmişdi və həmin video-sorğuda 15 saylı Yasamal seçki dairəsinin seçicilərinin böyük əksəriyyəti bele bir deputat tanımadığını bildirib. Həmin video-sorğunu olduğu kimi oxuculara təqdim edirik:



Qarşı tərəfin mövqeyini verməyə hazırıq.