“Xəzər” TV-də nə baş verir?

16:27 09-12-2019 210

“Xəzər” TV-yə yeni müavin təsdiq edilib. Telekanalın rəhbəri Şamxal Həsənovun tezliklə işdən kənarlaşdırılacağı deyilir.

KONKRET.az-ın redaksiyasına daxil olan məlumata görə, “Xəzər” TV-də artıq təhvil-təslim işlərinə də start verilib və bəzi əşyaların daşınmasına başlanılıb.

“Xəzər” TV qurumda rəhbərlik dəyişikliyi barədə yayılan xəbərlərə münasibət bildirib.

“Xəzər” TV MMC-dən milletinsesi.info-a bildirilib ki, son günlər  “Xəzər” TV MMC barədə mətbuatda həqiqətə,  heç bir real fakta söykənməyən əsassız məlumatlar yayılmaqdadır:

“Bəzi informasiya saytları xüsusi canfəşanlıqla guya “Xəzər” TV-nin rəhbərliyində və kollektivində dəyişikliklərin olduğu, hətta təhvil-təslim işlərinin  aparıldığı ilə bağlı məlumatlar yayırlar.  Maraqlısı budur ki, həmin saytlar bu yalan xəbərlərini hansısa mənbədən aldıqlarını iddia edirlər. Amma  “Xəzər” TV-nin mövqeyini heç öyrənməyə də cəhd etmirlər. Bu isə qarşı tərəfin mövqeyinin öyrənilməsi kimi jurnalistikanın ana prinsiplərinə xəyanətdir. Bu qərəzli mövqedən də aydın görünür ki, belə əsassız məlumatların yayılmasının məqsədi Xəzər TV-nin nüfuzunu zədələməkdir”.

“Xəzər” TV olaraq açıq bəyan edirik ki, televiziyada hər hansı bir dəyişiklik yoxdur. “Xəzər” TV əvvvəllər olduğu kimi  Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq qalaraq normal iş qrafikində öz fəaliyyətini davam etdirir”,- deyə TV-dən qeyd ediblər.

Qeyd edək ki, Şamxal Həsənov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğludur.

Onun mətbuat və televiziya təcrübəsi olmadığı halda uzun illər belə məsuliyyətli vəzifəni tutması ilə bağlı mətbuatda yazılar dərc edilirdi.