Başçı təyin edilən gənc deputat kimdir? – Dosye

15:36 12-11-2019 110

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Elşad Eldar oğlu Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Axar.az xəbər verir ki, E.Həsənov 1976-cı il sentyabr ayının 27-də Bakı şəhərində müəllim ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən, o vaxt A.S.Puşkin adına olan, hazırda Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyan 23 saylı orta məktəbi 1992-ci ildə qızıl medalla bitirib.

1992-ci ilin payızında ilk dəfə olaraq test üsulu ilə keçirilən qəbul imtahanlarının nəticələrinə görə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. 1997-ci ildə hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin ilin dekabr ayında BDU-nun Cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Hüquq sahəsində bir neçə elmi məqalənin müəllifidir.

2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib. Milli Məclisin Gənclər və İdman Komitəsinin, həmçinin Elm və Təhsil Komitəsinin üzvüdür.

Ailəlidir, 2 övladı var. İngilis, rus dillərini bilir. Partiya mənsubiyyəti yoxdur.