Beyləqan Peşə məktəbinin direktoru korrupsiya ilə məşğuldur - Şikayət

13:25 09-11-2019 175

Asif Ağayev Nazim Məmmədovun cinayətlərini niyə müdafiə edir?

Təhsil Nazirliyinin (TN) Dövlət Peşə Təhsili Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin acınacaqlı durumu barədə Beyləqan rayon ictimaiyyəti arasında hər kəs danışır.

Ölkə Prezidenti cənab İlham Əliyevin peşə təhsilinin inkişaf etdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və orta məktəbi yarıda saxlayıb peşə təhsilinə yiyələnmək istəyən şagirdləri həvəsləndirmək üçün müxtəlif tədbirlərin həyata keçirilməsinə xeyli vaxtdır ciddi fikir verir, nazirlik qarşısında tələblər qoyub.

FB_IMG_1573238245296

Buna baxmayaraq, ölkənin peşə təhsili sahəsində müsbət nəticələr əldə olunması barədə hələ danışmaq mümkün deyil. Bunun bir sıra ciddi səbəbləri var və bir məktəbin nümunəsində həmin səbəblərdən bəhs edəcəyik.

Ən başlıca səbəblərdən biri peşə məktəblərinə rəhbərlik edən şəxslərin onlara tapşırılmış vəzifələri yetərincə diqqətdə saxlamaması və gündəlik fəaliyyətdə yalnız şəxsi gəlir əldə etmək üçün çalışmalarıdır.

FB_IMG_1573238230511

Bəzi direktorlar rəhbərlik etdikləri təhsil ocağına özəl mülk kimi yanaşır və nəticədə təhsilin keyfiyyəti arxa plana keçir. Beyləqan Peşə Məktəbində vəziyyət bu baxımdan olduqca gərgindir, məktəb direktorunun fəaliyyətində cinayət elementləri 30 ildir davam edir və vətəndaşlardan dəfələrlə şikayət daxil olmasına, mətbuatda məktəb direktorunun əməlləri haqqında həyəcan təbili çalınmasına baxmayaraq, direktorun barəsində heç bir tədbir görülməyib.

Təhsil ocağında davam edən qanuna zidd məsələlərlə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Məlumatda göstərilir ki, məktəbdə əməliyyatçı-mühasib, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki, avtomobillərin təmiri çilingəri, kimyəvi analiz laborantı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

FB_IMG_1573238237090

Daxil olan məlumatda o da deyilir ki, məktəbin direktoru Nazim Cahangir oğlu Məmmədovun təhsil ocağının idarə olunmasında xeyli kobud pozuntulara yol verməsi məktəbdə təhsilin səviyyəsinin acınacaqlı hala düşməsinə şəbəb olub: "Direktorun fəaliyyəti nə şagirdləri, nə də müəllimləri qane etmir. Çünki o, Beyləqan Peşə Məktəbindən şəxsi maraqları üçün həddindən çox istifadə edir, təhsilin inkişafı üçün ona tapşırılmış vəzifəni yerinə yetirmir.

Əksinə, şagirdlərin təlim məşqi üçün nəzərdə tutulmuş texnikalar-traktorlar, kombaynlar və digər texnikalar silinərək, fermerlərə satılıb, məktəbə məxsus olan 100 hektar münbit torpaq sahəsində bir şagird belə olsun, təlim məqsədilə traktor və ya kombayn sükanı arxasında əyləşə bilmir.

Çünki direktor Nazim Məmmədov heç bir əsas olmadan, ozünün şəxsi maraqları naminə bu torpağın istifadə təyinatını dəyişdirib, ayrı-ayrı şəxslərə icarəyə verib. Direktor həmin torpaq sahəsini qeyri-qanuni olaraq rayonun müxtəlif sakinlərinə icarəyə verərək, əldə etdiyi pulu məktəbin hesabına daxil etmək əvəzinə, mənimsəyir".

Mənbənin verdiyi başqa bir məlumata görə, Nazim Məmmədov məktəbə rəhbərlkdə, məhz bu tip şəxsi gəlir gətirən işlərə daha çox vaxt ayırır.

Buna görə də peşə məktəbində təhsilin səviyyəsindən danışmaq mümkün deyil: "Bunun bariz nümunəsi kimi şagirdlərin dərslərə davamiyyətinin çox aşağı olmasını göstərmək olar. Məktəb direktorunun razılığı ilə dərsə davam etməyən şagirdlər əvəzində təqaüd kartlarını ixtisas rəhbərlərinə təhvil veriblər.

Hər ayın axırı şagirdlərin təqaüdünü almaq üçün Nazim Məmmədovun adamları "Kapitalbank"ın şəhərdəki bankomatına baş çəkib şagirdlərin təqaüdünü çıxarıblar. Əməliyyat başa çatdıqdan sonra toplanan pul vəsaiti cəmlənib direktora verilib.

Bundan başqa, direktorun digər qanunsuz işi sırasına məktəbdə işə cəlb edilmiş usta, müəllim və texniki işçilərin tərkibilə bağlıdır. Məktəbdə əmək haqqı cədvəli üzrə 45-ə yaxın müəllim, təlim ustası, texniki işçi olduğu halda, məktəbə hər gün işə cəmi 15-20 nəfər gəlir.

Bir sıra müəllimlərin adı işdə gedir, amma onlar dərsə gəlmirlər. Direktorlarla razılaşmaya əsasən, həmin müəllimlərin aylıq əmək haqqı kartları Nazim Məmmədovun adamlarında ( baş mühasibdə və ustalarda) saxlanır və hər ay pulu bankomatdan onlar çıxarıb direktora verirlər.

Direktor səlahiyyətlərindən istifadə edərək, bir sıra qohumlarını məktəbdə işlə təmin edib. Bu hal Azərbaycan Respublikasının "Korrupsiya haqqında" Qanunun 8-ci maddəsinə ziddir. Çünki vəzifəli məmurun tabeçiliyində qohumlarının maddi-məsul vəzifədə işləməsi qanunla qadağandır."

FB_IMG_1573238196531

Araşdırmalar nəticəsində müəyyən olunub ki, hələ 2014-2015- dərs ili ərzində dövlət büdcəsindən Beyləqan Peşə Məktəbinə üst-üstə 31 min manatdan artıq vəsait ayrılıb: "Bu vəsaitlərin 7000 manatı bərk inventarların alınmasına sərf olunub. Avadanlıqların alınmasına isə 5000 manat xərclənib ki, hər iki əməliyyatı da "Texfon 2013" MMC həyata keçirib. Bundan əlavə Nazim Məmmədovun rəhbəri olduğu təhsil ocağına digər alışlar və xidmətlərin satın alınması üçün də 5410 manat xərclənib.

"Miraj-KL" MMC tərəfindən həyata keçirilən proses yeganə olmayıb. Bu MMC vasitəsi ilə həmçinin 9000 manatlıq "Sair xərclər maddəsi" üzrə satınalmalar da həyata keçirilib. Bundan başqa, idarənin digər xərcləri maddəsi üzrə malların alınmasına da eyni şirkət rəhbərlik edib və bu məqsədlə 2000 manat pul xərcləndiyi qeyd olunur.

Beyləqan Peşə Məktəbinə hər nə alınıbsa, bunu ancaq iki şirkət həyata keçirib. Məsələn, "Texfon-2013" MMC yumşaq inventarların alınmasına 3000 manat, digər maşın və avadanlıqların satın alınmasına 7000 manat, dəftərxana ləvazimatları və təsərrüfat mallarının alınmasına isə 4900 manat pul sərf edib.

Əslində isə, bu işlərin yalnız kağız üzərində həyata keçirildiyi deyilir. Çünki bu qədər vəsaitlə deyilənlərin iki dəfə artığını almaq mümkündür. Bu qədər vəsaitin ayrılmasına baxmayaraq, təhsil ocağı hələ də bərbad vəziyyətdədir. Nazim Məmmədov vəzifədən çıxarılmayana qədər peşə məktəbində təhsilin keyfiyyətinin artacağını gözləmək əbəsdir".

Peşə məktəbinin rəhbərinin kim tərəfindən himayə olunmasına gəlincə isə mənbəmiz bildirdi ki, Nazim Məmmədovun arxasında Beyləqan Rayon İcra Hakimiyyəti dayanır: "Direktor hər yerdə başçının adını hallandırır və deyir ki, Asif müəllim mənə hər cür şərait yaradıb. Halbuki, o icra başçısına yox, təhsil naziri Ceyhun Bayramova tabedir".

Şikayətçilər ümid edirlər ki, Təhsil Nazirliyinin rəhbərliyi və Dövlət Peşə Təhsil Agentliyinin rəsmiləri Pərviz Yusifov Beyləqan Peşə Məktəbinin direktoru Nazim Cahangir oğlu Məmmədovun məktəbə rəhbərlik etdiyi son 30 il ərzində fəaliyyətini araşdıraraq, yol verdiyi cinayət əməllərinə görə, direktoru mütləq ciddi cəzalandıracaq və məktəbi cinayət yuvasından normal təhsil verən ocağa çevirməyə kömək edəcəklər.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Hazırladı: Mətin Məftun