Gülüş insanların üzündən niyə yoxa çıxıb?

19:01 08-11-2019 75

 Sorğunun nəticəsi sualımıza cavab verdi

 Şəxsi müşahidə və təmaslar nəticəsində insanların sifətində hər gün hiss etdiyim aqressiya məni bu barədə düşünməyə və araşdırma aparmağa sövq etdi. Heç bir xüsusi hazırlıq görmədən, əhalinin müxtəlif təbəqələrinə aid olan insanlarla görüşüb, söhbət etməyə başladım. Üzündə kədərin  çəkdiyi qəm-qüssə cizgiləri aydın görünən insanlardan, hətta ahıl yaşında müxtəlif yerlərdə dayanıb dilənənlərdən belə, fikir öyrənməkdən çəkinmədim.

"Niyə bu qədər kədərli görünürsünüz, dərdinizi mənə anlada bilərsinizmi" - sualı ilə üzü kədər qırışlarıyla örtülmüş cavan xanıma müraciət etdim. O, dayanıb, məni sakit tərzdə süzdükdən sonra, kimliyimi soruşdu və barəmdə məlumat alandan sonra sualıma belə cavab verdi:

" Ailə vəziyyətimiz çox ağırdır. Həyat yoldaşım uzun müddətdir yataq xəstəsidir. Üç ildir işləmir, neçə dəfə müraciət etmişik, yoldaşıma əlillik dərəcəsi ala bilmirik. Hara müraciət edirik müraciətimizə cavab verən yoxdur. Üç ildir ağır xəstə yatan insana əlillik vermək üçün bizdən 3 min manat rüşvət istədilər, verə bilmədik. İndi 4 nəfərlik ailəni səhərdən axşama kimi 3 yerdə xadimə işləyib zorla dolandırıram, başına dönüm. Mən insan kimi normal yaşamaqdan məhrum olmuşam, üzüm gülüşə həsrət qalıb, belə vəziyyətdə necə gülə bilərəm?".

Müsahibimdən eşitdiyim sözlər, istər-istəməz mənə pis təsir etsə də, özümü toparlayıb, xanıma ürək-dirək verib, ondan ayrıldım.

Bu minvalla üzündə kədər qırışları aydın görünən xeyli insanlarla görüşüb söhbət etdim. Söhbət etdiyim insanların hamısı eyni şeydən - maddi imkansızlıqdan, dolana bilməməkdən, ərzaq məhsullarının bahalığından şikayət etdilər. Hətta görüşdüyüm təqaüdçülər təqaüdün minimum həddinin 200 manata qaldırılmasının onların həyatında ciddi dönüş yaratmadığından, bahaçılığın bu artımı hiss etməyə imkan verməməsindən şikayət etdilər.

Ararşdırma nəticəsində çox şeylərə aydınlıq gətirə bildim. İnsanları çətin və dözülməz duruma salanların, onların üzünü gülüşə həsrət qoyanların bazarları, marketləri, dükanları və bütün xidmət obyektlərini əllərinə keçirən məmurlar olduğunu bir daha müəyyən etdim. Bu yerdə sovet dönəmində Sov. İKP-nin baş katibi L. İ. Brejnevin o vaxtkı ideoloqlar tərəfindən bərk təbliğ etdikləri " Çörək olsa, mahnı da olar" şüarını xatırladım. Deyəsən, yavaş-yavaş həmin məhşur deyimin hakim olduğu dövrü yenidən yaşamağa başlamışıq. Hər kəsin normal çörək yeyə bilmədiyi, insanca dolanmaq arzusunda olduğu zamanda üzlərdən gülüş ifadəsinin niyə qeyb olduğunu yaxşı anladım. Çox təəssüf ki, hazırda rejimin ideoloqları, siyasətçiləri ölkənin yalnız uğurlarından danışmağa adət ediblər. Xalqın aşağı təbəqəsinin kasıbçılıqdan dolayı çəkdiyi əzabları görməzdən gəlirlər. Bu məmurlar firavan həyat deyəndə yalnız özlərinin, xalq deyəndə isə qohun-əqrabalarının həyat tərzini ifadə edirlər. Onların üzləri gülüşə həsrət qalan kasıb insanlar haqqında düşünmək barədə təsəvvürləri belə, hiss olunmur.

Azərbaycanda insanların çöhrəsində hər gün müşahidə etdiyimiz dərin kədər və aqressiya, hər şeydən öncə, ölkədə rüşvətxor və korrupsioner məmurların fəaliyyəti nəticəsində yaranmış əsəbi, həyəcanlı, gərgin mühitin məhsuludur. Ona görə də nə qədər ki rüşvətxorluğun, oğurluğun, korrupsiyanın, hər cür cinayətləri törədən məmurların hegemonluğuna son qoyulmayıb, ölkəmizdə yaşayan əksər insanların üzündə gülüş ifadəsi görməyə həsrət qalacağıq!

Çalışın hər gün çöhrənizdə gülüş olsun, lap elə süni də olsa, çünki şair də deyib ki, "nə qədər yaraşır insana gülmək!"

Şahnaz Salehqızı