Abşeron ekoloji fəlakət astanasında

19:35 21-10-2019 80

Mütəxəssislərdən SOS ...

 Abşeron yarmadasının köklü problemlərindən biri də ətraf mühitin normadan dəfələrlə artıq çirklənməsidir. Bu problem bir çox hallarda vizual şəkildə müşahidə edilməyə bilər, amma onun təhdidləri ölkənin ən çox məskunlaşmaya məruz qalan Abşeron iqtisadi rayonunun üzərində daima hiss olunmaqdadır. Mütəxəssislərin rəyinə görə, Abşeron iqtisadi rayonunda atmosfer havasının çirklənmə səviyyəsi normadan 6-7 dəfə çoxdur. Rəsmi olaraq hökumət isə etiraf edir ki, sözügedən ərazidə çirklənmə səviyyəsi normadan 2,5-3 dəfə çoxdur. Azərbaycanda statistik rəqəmlərin reallıq dərəcəsini nəzərə alsaq, müstəqil mütəxəssislərin rəyini dəqiq qiymət kimi götürmək olar.

Bununla yanaşı, atmosfer havasının çirklənmə səviyyəsinin yüksək olmasının xarakterik xüsusiyyətləri də var ki, biz onların vasitəsi ilə çirklənmənin aşırı dərəcədə olduğunu müşahidə edirik. Belə ki, Abşeron iqtisadi rayonunun istənilən yerində ağacların yarpaqlarından birini qoparıb onun üzərinə əlinizi çəksəniz, əlinizdə yarpağın çirki aydın görünəcək, silinmiş yarpağın isə rəngi xeyli açılacaq. Halbuki ağacların ağ ciyərləri sayılan yarpaqların öz-özünü təmizləmək xüsusiyyəti var. Çirklənmə norma daxilində olanda yarpaqların yaşıl təbəqəsi də təmiz olur. Çünki ağacların yaşıl təbəqəsində həm qaz mübadiləsi, həm də fotosintez - qeyri-üzvi maddələrdən ağacın qidalanması üçün üzvi maddələrin hazırlanması - prosesi gedir. Hər iki proses yaşıl kütlənin (xlorofilin) üstünə daha çox işıq düşəndə proses sürətlənir. Çirklənmənin səviyyəsinin artması yarpaqların səthini tutur, günəş şüaları ilə xlorofilin təmasını zəiflədir ki, bu bir tərəfdən ağacın qidalanması üçün üzvi maddələrin hazırlanmasını azaldır, digər tərəfdən qaz mübadiləsini zəiflədir. Bu halda yarpaqların karbon qazı udub, oksigen ifraz etməsi prosesi də zəifləyir. Ona görə də Abşeron rayonunda əkilən ağaclar rayonlardakına nisbətən zəif və görkəmsiz olur. Deməli, çirklənmənin normadan aşırı dərəcədə çox olması ilk növbədə bütün canlıların həyatına mənfi təsir göstərir, eyni zamanda təbiətin özünü təmizləmə prosesini əngəlləyir.

Yəqin ki, çoxları tez-tez xəstəxanalara baş çəkir, bunun ardınca isə aptekləri "ziyarət" edir. Hiss edirsinizsə, xəstəxana və apteklərdə daha çox qələbəliklə rastlaşırsınız, nəinki dükan-bazarda. Bu yazının müəllifi də sizlər kimi xəstəxanalara çox tez-tez baş çəkir. Heç bir marketdə növbə olmadığı halda, həm xəstəxanada, həm də aptekdə növbə gözləməli olursan. Deməli, bölgədə xəstələrin sayı artır, xəstəliklər genişlənir. Mütəxəssislərin fikrincə paytaxt Bakıda və onun ətrafında yaranan meqapolisdə yaşayan əhali arasında müxtəlif xəstəliklərin inkişaf etməsi birbaşa ətraf mühitin normadan artıq çirklənməsi ilə bağlıdır. Geniş yayılan xəstəliklər sırasında isə tənəffüs sistemi xəstəlikləri üstünlük təşkil edir. Bu xüsusda söhbətləşdiyimiz pulmonoloqlar da təsdiqləyirlər ki, son 30 il ərzində tənəffüs yolları xəstəlikləri ilə müraciət edən xəstələrin sayı dəfələrlə artıb. Dərman tədarükçüləri də son zamanlar tənəffüs yolları xəstəlikləri üçün lazım olan dərman preparatlarına tələbatın artdığını bildirirlər. Məsələn, əczaçıların dediyinə görə, 10 il əvvəl ölkəmizə cəmi bir adda montelaksin tərkibli dərman idxal edilirdisə, indi bu tərkibdə onlarla dərman idxal edilir, idxalın həcmi isə on dəfələrlə artıb. Bütün bunlar onun göstəricisidir ki, Abşeron iqtisadi rayonunda ətraf mühitin çirklənməsinin fəsadları artıq ortadadır. Ona görə də, bu problemin aradan qaldırılması üçün ciddi tədbirlər görülməsi artıq zamanın tələbidir. Bunun üçün dövlət büdcəsindən ətraf mühitin qorunması və sağlamlaşdırılmasına ayrılan vəsaitlərin həcmi dəfələrlə artırılmalıdır. Məsələn, bu il 25 milyard həcmində nəzərdə tutulan büdcə xərclərindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə cəmi 9,3 milyon manat vəsait ayrılıb ki, bunun da təxminən 20 faizi nazirliyin saxlanma xərclərinin ödənilməsinə yönəldilib. Qalan 8 milyon manatla isə hazırkı ətraf mühit problemlərinin 10 faizini belə aradan qaldırmaq mümkün deyil.

Fikrimizcə, ölkənin müxtəlif ərazilərində, başda Abşeron iqtisadi rayonu olmaqla kütləvi yaşıllaşdırma işləri həyata keçrilməli, havaya atılan çirkli qazların ixtisar edilməsi üçün layihələr həyata keçirilməlidir. İndi dünyada məşhurlaşan ictimai nəqliyyatın pulsuz olması layihəsini də Bakıda həyata keçirmək olar. Bu layihə ilk dəfə 2013-cü ildə Estoniyanın paytaxtı Tallin şəhərində havanın təmiz saxlanması məqsədi ilə həyata keçirilib. Gələn ildən heç bir ciddi təbii sərvəti olmayan Estoniyanın bütün regionlarında nəqliyyat pulsuz - dövlət büdcəsi hesabına çalışacaq. Bu layihə havanı təmiz saxlamaqla yanaşı iqtisadi aktivliyi də stimullaşdırır. Belə ki, Estoniyanın ötən il bu layihənin icra edildiyi 9 regionunda ticarət dövriyyəsi 20-30 faiz çoxalıb.

Bununla yanaşı, havanı çirkləndirən zavodların yaşayış məntəqələrindən kənara köçrülməsi prosesi sürətləndirilməli, dənizə axıdılan kanalizasiya suları bütünlüklə təmizlənməyə cəlb edilməli, alternativ enerji mənbələrindən istifadə genişləndirilməlidir.