Robota bənzəyənlər...

17:36 21-10-2019 195

Nigar Orucova 

 Onlar get-gedə cəmiyyəti “bəzəyir”

 Müasir, sivil dün-ya, onun inkişaf sürəti bir çox sahələrdə insanların işini asanlaşdırmağa doğru aparır. Əl əməyinin çox sahələrdə daha uyğun mərhələyə qədəm qoyması daha çoxlarına təəccüblü görünmür. Robotların insanları daha böyük kəmiyyətdə əvəz edəcəyi tarix də uzaqda deyil. Uzaqda qalan bəzi məsələlərdir ki, onunla bağlı cəmiyyətin dünyagörüşlü, humanist kəsimi də böyük narahatlıq keçirməkdədir.

Bəli, robot əsrində yaşamaq işin həm müsbət, həm də mənfi tərəfidir. Bu istiqamətdə ətraflı danışmaq istəməzdim, çünki mütəmadi olaraq, mövzuyla bağlı yazılarımız olur. Hazırda robotlaşmaqla bağlı yaşadığımız narahatlıqdan bəhs etmək istərdik, çünki bu mövzuya vaxtaşırı toxunmasaq, yazılarımızın qəhrəmanlarıyla bahəm, robot olub gedəsiyik.

...Son vaxtlar bu “süni insanlar”la daha çox rastlaşmalı oluruq. Əlbəttə, bu an əcnəbi ölkələrin elmi-texniki inqilablarının öyrəşdiyimiz təqdimatlarını deyil, öz cəmiyyətimizin öyrəşmədiyimiz münasibətlərini nəzərdə tuturuq. Öyrəşməsək də, deyəsən, getdikcə alışmalı olacağıq belə mənzərələrə...

Əvvəllər avtobuslarda, metro vaqonlarında gənclərin yaşlılara əyləşmək üçün yer verməməsi məsələsi qınaqla qarşılansa, heç bir ölkədə belə məsələnin müzakirə mövzusu olmaması vurğulansa, müxtəlif arqumentlərlə yaşlılara deyil, gənclərə haqq qazandırılsa da, bizim də daim əks arqument gətirməyə haqqımız çatır. Əks arqumentin ilk adı da milli adət-ənənə, mental dəyərlər və humanizm prinsiplərinə dərin hörmətdən qaynaqlanan insanlıq duyğularıdır.

Bu duyğuların ən adi göstəricisi elə ictimai yerlərdə, ümumi məkanlarda görünür. Onda ki, gənclər, hətta yeniyetmələr özündən böyüklərə, qocalara yer verir, özünəməxsus dəyərlərimizə hörmət edənlərin hələ də var olduğuna sevinirik.

Lakin bəzən əksinə də olur - əlillər və yaşlılar üçün nəzərdə tutulan oturacaqlarda əyləşən gənclərin metro vaqonunda, avtobus salonunda dəqiqələrlə ayaq üstə gedənlərə fikir vermədən, diqqət və etina etmədən, heç nə olmamış kimi münasibət göstərməsi robotlaşma əsrinin bizi də yaxaladığından xəbər verir.

Bəli, elm və texnikanın məcmusu olan robotlar bizdə birbaşa mənəviyyatın məhsulu şəklində meydana çıxır. Getdikcə sıra da artır, dünən bir-iki nəfər gənc ümumi nəqliyyatda yaşlılara, əlillərə, xəstələrə, uşaqlı analara yer vermirdisə, bu gün bu münasibət az qala hamıya sirayət etməkdədir. Cüzi istisnadan savayı, kütləvi olaraq, hamıda robotlaşma gedir. Sadə bir mənzərə - nəqliyyatın salonuna qeyd etdiyim kateqoriyadan bir nəfər daxil olur, bir gənc ayağa durub ona yer vermək istəyəndə yanındakı “robot” ona mane olur, humanizmi “ölməyən” gənci də özü kimi olmağa “dəvət” edərək sırasını artırır. Ətrafdan eşitdikləri qınaqlı sözlər, gördükləri tənəli baxışlar belə, onların tükünü tərpətmir. Hamı kimi gözləri varsa, baxırlarsa da, nə görürlər, nə də duyurlar. Bir də deyirəm, robotdular axı.

Yaxından müşayiət etdiyim bir neçə belə hadisə özünəməxsus adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin getdikcə atrofiyaya uğradığını göstərir. Onların “adam olmayacağı”, vəziyyətin “belə gəlib, elə belə də gedəcəyi” barədə həmişəki reaksiya qalsa, onlardan doğrudan da adam olmayacaq. Ən pisi, belə davam edərsə, şəhərin küçələrində, meydanlarında, ümumi nəqliyyatda, mağazada, müalicə müəssisələrində, təhsil mərkəzlərində onların sayı çoxalacaq. Öz dilimizdə dərdimizi-sərimizi, sözü-müzü deməyə, övladımızı, ailəmizi, qohum-əqrəbamızı, dost-tanışımızı etibar etməyə bir kəs tapılmayacaq. Robotlaşma əsri bizi bax, belə yerdə yaxalayacaq.

Deyirəm, robota məxsusluq da, yüksək intellektin, texniki yeniliklərin məhsulundan ola. Daha heç bir millətlərin malik ola bilmədiyi, özümüzə, məhz bizə məxsus o qiymətli, mənəvi dəyərlərin itirilməsi nəticəsində ortaya çıxan əcaib bir məxluqa, “süni insan”a çevrilmək formasında olmaya.

Olmaya, düz demirəm?