Havadan asılı problem...

18:08 09-10-2019 230

Nigar Orucova  

Onun həlli nədən asılıdır?

 Havanın küləkli olmasına çoxdan vərdiş etməliydik. O zaman ki, Bakını “küləklər şəhəri” kimi tanıtdıq, bu təqdimata hamıdan əvvəl özümüz öyrəşməliydik.

Amma elə bil küləklə yeni tanış oluruq, onun damı-daşı, ağacları, küçələri bir-birinə qatdığını indi görürük. Halbuki, dediyim kimi, “küləklər şəhəri”nin xəzrisinin, gilavarının adı hamıya, lap balaca uşağa da məlumdur.

Məktəbə övladlarını aparan valideynlərin, şagirdlərin, müəllimlərin, universitet tələbələrinin görünüşündən hiss olunur küləkdən narazı qalmaları. Adamları sanki küçədə itələyirlər küləkli gündə. Yox, əslində qaçırlar onlar küləkdən. Küləyin özündən deyil, onun təsirindən aşmaq təhlükəsi olan ağaclardan, qırılıb başlarına düşmək qorxusu olan pəncərə şüşələrindən ehtiyat edirlər. Əslində, haqlıdır onlar, “sən öl, mən ölüm” bilməyən küləyin bu fəsadlarından ehtiyat etmək ən doğru variantdır. Amma ən son variant.

Dünya şəhərləri arasında müasirliyinə, gündən-günə gözəlləşməsinə görə paytaxtımız haqqında mahnılar qoşulur, nağıllar danışılır. Eyni zamanda, nə qədər paradoksal olsa da, paytaxtın zibillikləri, natəmiz görkəmi haqqında da istənilən qədər danışılır. Hamı danışır, şikayətlənir. Dolub-daşan, vaxtında boşaldılmayan zibil qutularından tutmuş, tozlu-torpaqlı küçələrinədək, hamısı bədii əsər, roman, povest, ən azından hekayə mövzusudur. İllərdir bu problem qaldırılır, xəbər, reportaj mövzusu, ən axırda isə hadisə motivi olur. Güclü küləyin təsirindən qocaman, hətta cavan ağacların aşmasından baş verən bədbəxt hadisələr gündəmi “bəzəyir”, əksəriyyət belə xəbərlərə seyrçi münasibət bəsləyir, ədəbiyyatın məşhur “Əcəl zəngi”nin onun üçün çalınmadığını düşünür.

Lakin kim belə hadisələrdən sığortalanıb ki?! Avtomobili olan, piyada gedən, pəncərə altından keçən, bina yanından ötən hamı, potensial qurban hesab oluna bilər.

Bina demişkən, tikilməkdə olan hündürmərtəbəli binanın mərtəbələrindəki kərpiclərin, dəmir lövhələrin qorxusundan əhali küləkli havada yolunu dəyişməli, kəsə yolunu uzaq etməli olur. Nə var-nə var, külək məsuliyyətsiz şirkət işçilərinin unudub açıq mərtəbələrdə atıb getdiyi dəmir lövhələr havada oynayır. Başqa nə deyək, onların kimin başına düşəcəyi sonunda bəxt məsələsidir.

Amma illərin təcrübəsi, baş verən bədbəxt hadisələr də tikinti şirkətlərinin məsuliyyətdən bixəbər rəhbərlərini, sıravi əməkdaşları, fəhlə sinfini, bir sözlə, yuxarıdan aşağıya, heç kimi narahat etmir. Bugünlərdə, yəni vaxtaşırı olan küləkli günlərin birində yarımçıq binaların fasadından asılı qalan dəmir lövhənin kiminsə başına düşəcəyindən narahat qalan küçə ticarətçisi xəbər vermək üçün binanın mühafizə hissəsinə qaçaraq getdi. Amma vəziyyətdən xəbərdar olan, problemi gözünün qabağında asılı qalan şirkət tərəfdən səs-səmir çıxmadı.

Belə hadisələr az deyil, əslində. Hamımız qurbanların, xəsarət alanların, dünyasını dəyişənlərin timsalında belə hadisələrdən xəbərdar oluruq. Problemin həllini bir kənara qoyub yaxasını kənara çəkənlərdən hətta “onun da qisməti beləymiş”, “yazısı ora qədərmiş” tipli canqurtaran cümlələr də eşidirik. Danışmağa nə var ki, görək, elə hər birimizdən başlayaraq problem yaradanları bir-bir təmizliyə vərdişə çağıra, tullantıları təyinatı olan yerlərə atmağa vadar edə bilirikmi?!

Bu və həmin qəbildən olan başqa məsələlərin həllini bacarsaq, sonda paytaxt da tərtəmiz olacaq. Zibil qabları əvəzinə küçələrdə daşlanan əcaib tullantılar paytaxtın müasir şəhər statusuna xələl gətirməyəcək. Yəni hamı öz işini bilsə, zibil qabları təyinatına uyğun, şirkət sözçüləri, işçiləri də öz vəzifəsinin başında dayanacaq.

Hələlik problem yaradanların sadəsindən bəhs edirik, daha mürəkkəbləri, kinoda deyildiyi kimi, ”ən zəhərlisi daş altda yatır”. Qanunauyğun şəkildə, sadədən-mürəkkəbə getmək də bizim vəzifəmizə daxil.

Şükür edin ki, Bakı haqqında “küləklər şəhəri” kimi bəhs etdik. “Odlar yurdu” yazsaydıq, indi fəaliyyəti baş-ayaq olan strukturların hamısının külünü göyə sovurmuşduq. Zatən, tərəfimizdən o barədə yazmağı gözləmək də gözləniləndir...